İQTİSADİYYAT
Bakı Mühəndislik Universitetinin tələbələri üçün təlim keçirilib
Bakı, 13 dekabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının mütəxəssisləri Bakı Mühəndislik Universitetinin tələbələri üçün təlim keçiriblər.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi" tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində baş tutub.
Tələbələrin böyük maraqla qarşıladıqları təlimdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri, həmçinin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin məqsədi, iş prinsipi və üstünlüklərinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat nümayiş etdirilib.
İnteraktivlik və müzakirələr şəklində təşkil olunmuş tədbirin aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.