MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında keçirilən növbəti tədbir narkomanlığa qarşı mübarizə mövzusuna həsr olunub
Bakı, 24 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu” adlı onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinarı BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova açaraq bu kimi maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini iştirakçıların nəzərinə çatdırıb. Y.Axundova narkomaniyanın insan sağlamlığına zərərləri, onun fəsadları haqqında danışaraq, həmçinin tələbələr arasında narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb.
Sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələrin qoyulduğunundan bəhs edib. O, həmçinin ilk növbədə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayıb.
Daha sonra Bakı Şəhər Narkoloji Mərkəzin həkim narkoloqları Fizzə Baxışova, Təriqə Quliyeva narkomaniyanın ağır fəsadlarından danışıblar. Onlar statistik rəqəmlərə müraciət edərək narkomaniyanın ən çox əhalinin hansı yaş qrupları arasında daha geniş yayılmasını rəqəmlərlə iştirakçıların diqqətinə çatdırıblar. Həkimlər narkotik vasitələrdən asılılıq müayinələri, test mərkəzləri haqqında ətraflı məlumat veriblər. Vebinarda narkotik vasitələrdən asılı olan insanlarla münasibətlərdə riayət olunması vacib olan şərtlər, incəliklər, narkomanların ailələrinin, yaxınlarının üzərinə düşən məsuliyyət yükü, narkomaniyanın acı sonluqları, narkomanlar ilə aparılan müalicə metodları, psixoterapiya və s. kimi mövzular da müzakirə olunub.
Sonda məruzəçilər mövzu ətrafında tələbələrlə müzakirə apararaq, onları maraqlandıran sualları cavablandırıblar.