MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasının elektron vebsaytı yenidən bərpa edilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) yeni bərpa olunmuş elektron vebsaytının təqdimatı olub.
BMA-dan AZƏRTAC-a bildirilib ki, saytın yenilənmiş bərpası akademiyanın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəylinin müəllif layihəsi əsasında ərsəyə gəlib.
Təqdimat mərasimində BMA-nın prorektoru, professor Nərminə Quliyeva və Əməkdar İncəsənət Xadimi, professor Tariyel Məmmədovun iştirakı ilə yenidən yaradılan saytda bir çox yeniliklərin olduğu qeyd edilib.
Əvvəlcə Tariyel Məmmədovun çıxışı əsasında sayt haqqında ətraflı məlumatlar auditoriyaya təqdim edilib. Vurğulanıb ki, vebsaytda akademiyanın yarandığı gündən etibarən tarixi fəaliyyəti, yetişdirdiyi görkəmli şəxsiyyətlər, struktur bölmələr, xəbərlər, tələbələrin qəbul qaydaları, musiqi lektoriyası - video mühazirələr, elektron not kitabxanası və onun ifaları, habelə bu günəcən yazılmış dissertasiyaların kataloqu, istənilən formada not vərəqləri, əsərlərin janrlarla təsnifatı və həmçinin karaoke bölməsi, “Sibelius” proqramında iş üzrə əyani və distans tədris sistemi yer alıb.
BMA-nın rektoru, Xalq Artisti, professor F.Bədəlbəyli saytın yaradılmasını uğurlu addım kimi qiymətləndirərək bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Təqdimat mərasimi tələbələrin hazırladığı musiqili konsert proqramı ilə davam edib.
Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilən saytda, dahi bəstəkarın həyat və yaradıcılığı, fəaliyyəti, o cümlədən ən önəmli arxiv məlumatlar geniş yer tutur. Belə ki, saytın tərkibində ilk dəfə olaraq Ü. Hacıbəylinin virtual muzeyi yaradılıb. Dahi bəstəkarın bütün yaradıcılığını əhatə edən bu bölmədə, eyni zamanda Azərbaycan xalqının ulu öndəri, dahi şəxsiyyət Heydər Əliyevin Üzeyir bəy haqqında dəyərli fikirləri də videolent vasitəsilə təqdim olunub.