İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzv olub
Bakı, 18 aprel, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi dünya üzrə 200-dən çox şəhər nəqliyyatına məsul qurumlarını özündə birləşdirən İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya (International Association of Public Transport) üzv qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, assosiasiya ictimai nəqliyyat üzrə peşəkarları bir yerə gətirərək müvafiq inkişaf perspektivlərini və problemləri müzakirə etmək, qabaqcıl təcrübələri bölüşmək üçün əlverişli platforma hesab edilir.
Təşkilata üzv olmaqla Bakı Nəqliyyat Agentliyinin dünya təcrübəsinə birbaşa çıxışı təmin olunacaq. Quruma üzvlük agentliyə dünya şəhərlərində çalışan müvafiq sahə mütəxəssisləri ilə sıx işgüzar əlaqələr qurmağa yardım edəcək. Bununla yanaşı, agentliyin mütəxəssislərinin təşkilatın müxtəlif seminar və proqramlarında iştirakı da mümkün olacaq ki, bu da kadrların peşəkarlıq səviyyəsinin artırılması baxımından vacib amildir.
Məlumat üçün bildirək ki, İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiya (International Association of Public Transport) 1885-ci il avqustun 17-də təsis edilib. Baş qərargahı Brüssel şəhərində yerləşən təşkilat 14 regional filial və əlaqələndirmə mərkəzini birləşdirir. Təşkilatın 96 ölkədən 1400 üzvü var. İctimai nəqliyyatın təbliğ edilməsi, ən yaxşı praktikanın yayılması, dünya üzrə nəqliyyat mütəxəssislərinin əlaqələndirilməsi, nəqliyyat sahəsində kurs, təlim və seminarların təşkil edilməsi, beynəlxalq forum və konfransların təşkili təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir.