İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi piyadaların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirləri davam etdirir

Bakı, 28 iyun, Elvin Camalov, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi paytaxtda piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə həyata keçirilən və mühüm sosial əhəmiyyət kəsb edən layihənin icrası nəticəsində artıq 1000-dən çox piyada keçidində panduslar quraşdırılıb. Bununla da, əsasən mərkəzi yollarda fiziki imkanları məhdud şəxslərin kənar yardıma ehtiyac olmadan hərəkəti üçün uyğun şəraitin yaradılması təmin edilib. Dövlət başçısının tapşırığına əsasən, həyata keçirilən bu layihə çərçivəsində işlər hazırda da davam edir. Növbəti mərhələlərdə şəhər mərkəzindən kənar küçə və prospektlərdə də analoji tədbirlərin icrası nəzərdə tutulub. Beynəlxalq standartlara uyğun quraşdırılan panduslarla yanaşı piyada keçidlərinin ətrafındakı səkilər dəmir məhəccərlə əhatələnir. Məqsəd piyadaların yolu müəyyən olunmuş hissədən keçməsini stimullaşdırmaqdır.

Piyada təhlükəsizliyi ilə bağlı tətbiq edilən digər bir yenilik isə səkilərdə qoruyucu tumbaların quraşdırılmasıdır. Qoruyucu tumbalar müxtəlif səbəblərdən idarəetmədən çıxan avtomobillərin səkidə hərəkət edən piyadaları vurmasının qarşısını almaq üçün çox səmərəli vasitədir. Bu tumbalar bəzi yerlərdə, xüsusən də pandus olan səkilərdə həm də avtomobillərin səkilərə parklanma üçün daxil olmasının qarşısını alır. Dünyanın avtomobilləşmiş ölkələrinin təcrübəsinə diqqət etdikdə məlum olur ki, piyadaların səkidə avtomobillə vurulması halları da kifayət qədər tez-tez baş verir. Ona görə də buna zərurət olan yerlərdə quraşdırılan qoruyucu tumbalar səkidə hərəkət edən piyadanı daha etibarlı mühafizə edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.