İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi yeni könüllülərin cəlb edilməsinə başlayıb
Bakı, 10 mart, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi (BNA) “Könüllülər ili” çərçivəsində yeni könüllülərin cəlb edilməsinə başlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, BNA könüllülər hərəkatına öz töhfəsini verməkdə davam edir. Ötən il həyata keçirilən könüllülər proqramının iştirakçısı olan gənclərin 20 faizi hazırda agentlikdə işlə təmin olunub və növbəti könüllülərin cəlb edilməsi prosesinə başlanılıb. O səkkiz yaşı tamam olan, BNA-nın həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər öz CV formalarını aprelin 1-dək “[email protected]” elektron ünvanına göndərə bilərlər.
Könüllülər keçirilən təlimlər, təcrübə proqramı və təqdimatlar zamanı bilik və bacarıqlarını inkişaf etdirəcək, agentliyin müxtəlif sosial layihə və aksiyalarına qatılacaq, tabeli qurumlarda təcrübə səfərlərinə yollanacaqlar. BNA-nın müvafiq şöbələrində 2 ay müddətində təcrübə keçən könüllülərə qiymətləndirmələrin nəticələrinə uyğun olaraq sonda sertifikatlar təqdim ediləcək.