İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb
Bakı, 2 mart, AZƏRTAC
Koronavirus (Covıd-19) epidemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində (BNA) qərargah yaradılıb.
BNA-dan AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, agentliyin (012) 404-79-95 nömrəli "qaynar xətt"i fəaliyyətə başlayıb.
Eyni zamanda, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtda müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir.
Son bir neçə gündə 1500-dək avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq tapşırıqlar verilib.
Həmçinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb.