CƏMİYYƏT
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Bir gündə 650 min ağac əkək” kampaniyası keçirilib. Bakı Nəqliyyat Agentliyinin (BNA) bir qrup əməkdaşı da aksiyaya qatılıb.
BNA-dan AZƏRTAC-a bildirilib ki, aksiyada agentliyin əməkdaşları tərəfindən 100-dək ağac əkilib.
Bakı Nəqliyyat Agentliyinin əsas hədəflərindən biri də ekoloji mühitin qorunması və bu sahədə ekoloji amillər nəzərə alınmasına töhfə verməkdir. Yeni və ekoloji cəhətdən təmiz avtobusların istismara verilməsi ilə sərnişinlərin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması, bununla da, yaranan tıxacların qarşısının alınması hədəf olaraq hesablanıb. Bunun əsas məqsədi, ekologiyaya buraxılan zəhərli qazların miqdarını minimuma endirməkdir.
Ekoloji amillər nəzərə alınmaqla ətraf mühitin qorunması, eləcə də 2022-ci ildən Bakı şəhərinin ictimai nəqliyyat şəbəkəsində yalnız sıxılmış təbii qaz (CNG) və ya elektrik mühərriklə işləyən (hybrid) avtobusların istismar edilməsi əsas hədəf istiqamətlərindəndir.
Qeyd edək ki, hazırda paytaxtda 300 ədəd sıxılmış təbii qazla işləyən və ətrafı çirkləndirməyən, komfortlu "IVECO" markalı avtobuslar istismar edilir. Eyni zamanda, agentlik tərəfindən daha 300 yeni nəsil “Avro 6” standartlarına cavab verən "BMC" markalı sıxılmış təbii qazla işləyən avtobuslar gətirilib.