İQTİSADİYYAT
Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun bir hissəsində təmir işləri aparılır
Bakı, 21 iyul, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci kilometrlik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Təmir işləri bu gün axşam saatlarınadək davam edəcək.
Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Bundan başqa, Bakı şəhərində təhlükəsiz hərəkətin tənzimlənməsi məqsədilə Sulutəpə dairəsindən DSK yolu istiqamətində, həmçinin Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Koroğlu yol qovşağı istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.