REGİONLAR
Bakı-Şamaxı avtomobil yolu genişləndirilir VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3 – 15.1 kilometrlik ( 1.85 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına başlanılıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Layihə “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Dünya Bankı ilə imzalanmış "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində həyata keçirilir.
Layihəyə uyğun olaraq, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 1.85 kilometrlik hissəsi 4-6 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 29.5 metr, yolun hərəkət hissəsinin eni 15 və 24 metr, hərəkət zolaqlarının eni 3.75 və 4.5 metr, ayrıcı zolağın eni isə 1 metr təşkil edəcək.
Piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iki istiqamət üzrə 1.5 metr enində səkilər, həmçinin Müşviq qəsəbəsində 2 ədəd yerüstü piyada keçidi inşa ediləcək.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədilə hər iki istiqamət üzrə 4.5 metr enində kollektor yolların inşası, Müşviq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetiriləcək.
Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik ( 76 kilometr ) hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi də uğurla icra olunur. Yaxın müddət ərzində isə yolun 91-107 kilometrlik ( 16 kilometr ) hissəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulub.