İQTİSADİYYAT
Bakı-Şamaxı avtomobil yolunda 7 yerüstü piyada keçidi inşa olunur
Bakı, 18 iyul, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-100-cü kilometrlik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən 7 yerüstü piyada keçidi inşa edilir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni yerüstü piyada keçidlərindən biri yolun Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən keçən hissəsində, digərləri isə Qobustan rayonunun ərazisində yerləşir.
Bütün piyada keçidləri 2 aşırımlı, üstü açıq və metal konstruksiyadan ibarət olmaqla, yer səthindən hündürlüyü 5,5 metr, qalereyasının eni isə 3 metr təşkil edir, pilləkən hissə ilə bərabər uzunluqları 35,5-46,7 metrdir.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Cəngi kəndi ərazisində yerləşən piyada keçidinin inşası artıq yekunlaşaraq vətəndaşların istifadəsinə verilib, digər ərazilərdə isə işlər tamamlanmaq üzrədir.
Məlumata əsasən, piyada keçidlərinin inşası ilə bağlı görülən işlər yekunlaşdıqdan sonra ətrafında abadlıq işlərinin aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələrin yaradılması və zəruri yol nişanlarının quraşdırılması nəzərdə tutulub.
Qeyd olunub ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1-ci texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilən 23-101-ci kilometrlik hissəsində 9 yerüstü piyada keçidindən əlavə, 19 yeraltı keçidin də inşası aparılır. İşlər yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət edilməklə aparılır.
Piyada keçidləri Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən inşa olunur.