CƏMİYYƏT
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Xəzər rayonu ərazisində - əsas magistral yolun kənarında ağacəkmə aksiyası keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilən aksiyada icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri daxil olmaqla, ümumilikdə 200 nəfər iştirak edib.
İlk növbədə, ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilib. Həmin əraziyə aksiya iştirakçıları tərəfindən paytaxtın iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 sərv ağacı əkilib.
Ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri nəzarətə götürülüb və bunun üçün cavabdeh şəxslər təyin edilib.
Paytaxtın yaşıllaşdırılması və daha da gözəlləşməsinə töhfə olan bu cür aksiyaların payız mövsümü ərzində Bakı şəhərinin digər ərazilərində də keçirilməsi nəzərdə tutulur.