MƏDƏNİYYƏT
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Odessa şəhərində bir sıra görüşlər keçirib
Bakı, 21 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Ukrayna səfəri çərçivəsində Odessa şəhərində bir sıra görüşlər keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Odessada bir neçə mədəniyyət müəssisəsində, o cümlədən Odessa şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq kitabxanasında, Mərkəzi Şəhər Kitabxanasında, E.Gilels adına 1 nömrəli musiqi məktəbində, Odessa teatr məktəbində və Odessa 1 nömrəli İncəsənət Məktəbində olub.
Nümayəndə heyəti Odessa şəhərində Azərbaycan Evinin təntənəli açılışına qatılıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov burada çıxış edərək Azərbaycan ilə Ukrayna arasında mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və Bakı mədəniyyət müəssisələri təmsilçilərinin bu gün Odessada rəsmi səfər çərçivəsində müxtəlif görüşlər zamanı gələcəkdə əlaqələrin genişləndirilməsi istiqamətlərini müzakirə etməsinin deyilənlərə əyani sübut olduğunu vurğulayıb. O, həmçinin mədəniyyət mərkəzi kimi tanınan Odessada Azərbaycan Evinin açılmasını bu şəhərdə ölkəmizin mədəni irsinin tanıdılmasına böyük töhfələr verəcəyinə inandığını bildirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşlər zamanı E.Gilels adına 1 nömrəli musiqi məktəbində beynəlxalq onlayn festival və konfranslar haqqında ətraflı məlumat alınıb və gələcəkdə Bakı məktəblilərinin bu müsabiqələrdə iştirakı nəzərdə tutulub. Nümayəndə heyəti məktəbdə E.Gilelsin elektron muzeyi ilə də tanış olub. Teatr məktəbində uşaqların təlimi haqqında təcrübənin Bakıda uşaq incəsənət məktəblərində tətbiqi nəzərdə tutulub. 1 nömrəli incəsənət məktəbində tədris proqramları, müəssisələrin strukturu müzakirə olunub və mədəniyyətin bir çox istiqamətləri üzrə Odessa təcrübəsinin tətbiqi məsələsi diqqətə alınıb.
Qeyd edək ki, iyunun 15-də başlanan, maraqlı görüşlər və gələcəkdə həyata keçirilə bilən yeni layihə ideyaları ilə zəngin olan Ukraynaya səfəri başa çatıb.