CƏMİYYƏT


Bakı Şəhər Prokurorluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı tədbir keçirilib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Bakı Şəhər Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.

Bakı Şəhər Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırıb ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyil ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqını böyük fəlakətdən xilas etdikdən sonra dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırlayıb. Azərbaycanın dünyada layiqli yerini tutması üçün yorulmadan çalışan dahi şəxsiyyət müasir müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə öz əbədi yerini tutub.

Xüsusi vurğulanıb ki, Ümummilli Liderin 1998-ci il noyabrın 28-də prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqdakı tarixi nitqində verdiyi tapşırıq və tövsiyələr prokurorluq orqanlarının fəaliyyəti üçün proqram xarakterli olub. Bu gün prokurorluğun hər bir əməkdaşında qürur hissi doğuran haldır ki, Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyəti dünya standartları səviyyəsində təkmilləşdirilir, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, dövlətçiliyimiz gündən-günə daha da möhkəmlənir. Xalqımızın 2018-ci ilin aprelin 11-dəki müdrik seçimi isə bir daha Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yeri olduğunu göstərib və milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqləyib. Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə əsası Ulu Öndər tərəfindən qoyulmuş qanunvericilik və hüquqi islahatlar daha da genişləndirilməkdədir. Bunun bariz nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanıdır.

Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin böyük xilaskarlıq və hərtərəfli quruculuq missiyalarını həyata keçirməklə Azərbaycanın ən yeni müstəqil tarixini, bugünkü təminatlı həyatımızın möhkəm əsaslarını yaradan ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin, milli maraqlarımızın, ictimai-siyasi sabitliyin qorunması işində səylərini daha da artıracağını, böyük əzmlə çalışacağını vurğulayıb.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən hazırlanmış “Vətənə, xalqa həsr edilən ömür” filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.