ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Ötən ay daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb
Bakı, 2 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, həmin müddətdə ümumilikdə mərkəzlərə 8 min 609 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll edilib. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 3 min 27 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu müddətdə 3 min 124 vətəndaş müraciəti daxil olub. 161 vətəndaş sorğularına uyğun olaraq elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1780 sənəd qeydiyyata alınıb. Həmçinin 517 elektron müraciətə baxılıb. Müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, xüsusilə birinci sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.