ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi müsabiqənin vakansiya mərhələsinə başlanılıb
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil müəssisələrində direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin vakansiya mərhələsinə başlanılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər noyabrın 16-sı saat 23:59-dək şəxsi səhifələrinə daxil olub vakansiya seçimi edə bilərlər. Birinci namizədə beş yer seçmək hüququ verilir. Müvafiq vakansiya iki və daha artıq namizəd tərəfindən seçilərsə, həmin yer üzrə ən yüksək bal toplamış şəxs müsahibə mərhələsinə buraxılacaq.
Qeyd edək ki, noyabrın 3-4-də keçirilən test imtahanında direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılan 498 namizəddən 134-ü keçid balından yüksək nəticə göstərib.