ELM VƏ TƏHSİL
Bakı Slavyan Universiteti nəzdindəki Məktəb-Lisey Beynəlxalq Olimpiadada iştirak edir
Moskva, 3 dekabr, AZƏRTAC
Bakı Slavyan Universiteti nəzdindəki Məktəb-Lisey Kompleksinin şagirdləri Moskvada əcnəbi məktəblilər üçün XVI Beynəlxalq Rus Dili Olimpiadasının final mərhələsində iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, A.S.Puşkin adına Rusiya Dövlət Rus Dili İnstitutu tərəfindən təşkil edilən Olimpiada iki kateqoriyada - rus dilini əcnəbi dil kimi öyrənənlər və tədris rus dilində olan məktəblərin yuxarı sinif şagirdləri üçün keçirilir.
Final mərhələsində iştirak etmək üçün Moskvaya 120-dən çox insan gəlib. Azərbaycanı Olimpiadada BSU nəzdindəki Məktəb-Lisey Kompleksinin 11-ci sinif şagirdləri Fatimə Davudlu və Leyla Mehdiyeva təmsil edirlər. Qızları Məktəb-Lisey Kompleksinin direktoru İlahə Carçıyeva müşayiət edir.
Əyani formada keçirilən son tur dekabrın 14-də başa çatacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva