ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində Nizami Gəncəviyə həsr olunmuş şeir müsabiqəsinin qalibi müəyyənləşib
Bakı, 4 may, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin Avropa dilləri kafedrasının təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Sözün qanadları var, quş kimi incə-incə, Dünyada söz olmasa nəyə gərək düşüncə” adlı şeir müsabiqəsi keçirilib.
BSU-nun Mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nizami Gəncəvi İli” ilə bağlı çıxışından videofraqmentlə başlayıb. Sonra BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Kamran Hacıyev çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.
Müsabiqə Tərcümə fakültəsi tələbələrinin rəngarəng çıxışları ilə davam etdirilib. Tələbələr Nizami Gəncəvinin şeirlərini səsləndiriblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin qalibi Timur Fətəliyev seçilib.
Sonda BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova və Avropa dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Nigar Babayeva çıxış edərək müsabiqənin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.