CƏMİYYƏT
Bakı ilə Bişkek arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib
Bişkek, 26 oktyabr, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Bişkek şəhərinin yeni seçilmiş meri Əziz Surakmatovla görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir qardaş ölkələr olan Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə, xüsusilə mədəniyyət və idman sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O deyib ki, son illərdə istər Bakıda, istərsə də Bişkekdə mühüm tədbirlər keçirilir. İqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətində son vaxtlar irəliləyişlər olsa da, hələ mövcud potensialdan kifayət qədər istifadə edilməyib. Diplomat paytaxtlarımız arasında da əlaqələrin inkişafı məsələsindən danışaraq bildirib ki, Bakı-Bişkek əməkdaşlığının gücləndirilməsi hər iki tərəfin mənafeyinə uyğundur.
Görüşdə qeyd edilib ki, bu ilin sentyabr ayında Qırğızıstanda Prezident İlham Əliyev və Prezident Sooronbay Jeenbekov arasında keçirilən görüş zamanı müxtəlif sahələr üzrə əməkdaşlıqla bağlı danışıqlar aparılıb. Səfir ümid etdiyini bildirib ki, bu görüşdən sonra Azərbaycan və Qırğızıstan arasında münasibətlər daha da genişlənəcək.
Əziz Surakmatov deyib ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daim inkişaf edir. O, Azərbaycanın Qırğızıstandakı səfirliyinin əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.
Tərəflər Bakı ilə Bişkek arasında əməkdaşlığın genişləndirilməsi üçün danışıqların davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Səfir deyib ki, münasibətlərimizin inkişafı dövlət başçılarımızın maraq dairəsindədir.
Görüşdə ölkələrimiz və paytaxtlarımız arasında əməkdaşlığın genişlənməsi istiqamətində maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek