ELM VƏ TƏHSİL
Bakı məktəbliləri Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər
Bakı, 29 noyabr, AZƏRTAC
Bakı şəhəri Ə.Ələskərov adına 244 saylı tam orta məktəbin 18 şagirdi Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ekskursiya edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məktəblilərlə görüşən institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev elmlə təhsilin vəhdətinin təkcə universitetlərdə deyil, orta məktəblərlə də olmasının vacibliyini söyləyib.
“Hər il keçirilən “Sabahın alimləri” məktəblilərin elmi müsabiqəsindən görürük ki, orta məktəblərdə xüsusi istedadlı şagirdlər var. Onların aşkara çıxarılıb elmə yönləndirmək istiqamətində müəyyən addımlar atılmasına ehtiyac var. Belə addımlardan biri də məhz, məktəblilər üçün elmi-tədqiqat institutlarında “Açıq qapı” günləri, onların ekskursiyasının təşkil olunmasındır. Paralel şəkildə məktəblərin özlərində müxtəlif elmi müsabiqələr, fənn gecələri, elm günləri və digər həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədəuyğundur”, - deyə Ə.Sucayev bildirib.
O qeyd edib ki, təmsil etdiyi institut bu kimi tədbirlərə böyük önəm verir: “İnstitut laboratoriyaları həm tələbə, həm də məktəblilərin üzünə açıq elan edilib, onların fiziki-kimyəvi cihazlarla əyani tanışlığı təmin olunur. Eyni zamanda, istər paytaxt, istərsə də regionlardakı məktəblərin istedadlı şagirdlərinin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi üçün onlara elmi dəstək verilib, respublika və beynəlxalq elmi müsabiqələrdə iştirak edən məktəblilərimizin layihələri qalib olub, ölkəmizi layiqincə təmsil ediblər”.
Əfsun Sucayev institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, nailiyyətləri, eləcə də bu elmi müəssisədə çalışmış Azərbaycanın görkəmli kimyaçıları – akademik Əli Quliyev və ilk kimyaçı qadın akademik və aktrisa İzzət Orucova haqqında şagirdlərə məlumat verib.
Məktəbin müəllimi kimya üzrə fəlsəfə doktoru Sevinc Qocayeva məktəblilərin laboratoriyalarla əyani tanışlığı üçün şərait yaradıldığına görə institut rəhbərliyinə təşəkkür edib.
Sonra məktəblilər laboratoriyalarda aparılan tədqiqatlarla, fiziki-kimyəvi cihazların iş prinsipləri ilə tanış olublar.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova, gənc alim və mütəxəssislərdən Lalə Əliyeva, Mir Əli İsakov, Sevinc Talıbova şagirdlərin suallarını cavablandırıb, onlar üçün bəzi əyləncəli təcrübələri nümayiş etdiriblər.