ELM VƏ TƏHSİL
Bakı məktəbliləri arasında futbol çempionatı keçirilir
Bakı, 23 oktyabr, AZƏRTAC
Bakıdakı ümumtəhsil müəssisələrinin şagirdləri arasında futbol çempionatı keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşan çempionatın əsas məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, onların sağlam həyat tərzinin təbliği işini genişləndirmək və futbol idman növünə marağını artırmaqdan ibarətdir.
“Məktəblinin dostu kuboku” adlı futbol çempionatında layihənin tətbiq olunduğu 32 məktəbin VII və VIII sinif şagirdlərindən ibarət komandalar mübarizə aparır.
Çempionatın sonunda I, II və III yerlərə layiq görülən komandalar mükafatlandırılacaq.
Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumtəhsil müəssisəsini əhatə edir.