ELM VƏ TƏHSİL


Bakı məktəbliləri beynəlxalq yarışlardan uğurla qayıdıblar

Bakı, 31 oktyabr, AZƏRTAC 

Paytaxt məktəblilərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı parlaq uğurları davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 13 nömrəli tam orta məktəbin V sinif şagirdi Orxan Məlikov Gürcüstanda cüdo idman növü üzrə keçirilən beynəlxalq yarışda 40 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Finalda erməni idmançını məğlub edən məktəbli qızıl medal və diplomla təltif olunub.

Paytaxtdakı 102 nömrəli tam orta məktəbin XI sinif şagirdi Elxan Orucov Rusiyada ağır atletika idman növü üzrə keçirilən dünya çempionatında 75 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəbin III sinif şagirdi Nazim Hacıyev isə Rusiyada keçirilən karate idman növü üzrə Avropa çempionatında 23 kiloqram çəki dərəcəsində III yeri tutub. Məktəblilər medal və diplomla mükafatlandırılıblar.

Uğur qazanan digər idmançılar isə 7 nömrəli tam orta məktəbin IX sinif şagirdləri Rza Rzazadə 54 kiloqram, Malik Bağırov isə 57 kiloqram çəki dərəcəsində Gürcüstanda kikboksinq idman növü üzrə keçirilən yarışda qalib gələrək I yerə layiq görülüblər. Yarışın nəticələrinə əsasən, məktəblilər qızıl medal və diplomla mükafatlandırılıblar.

Bundan başqa, 159 nömrəli tam orta məktəbin VIII sinif şagirdlərindən Toğrul İbrahimov Türkiyədə keçirilən cüdo idman növü üzrə beynəlxalq turnirdə 52 kiloqram çəki dərəcəsində I, Nemət Ağazadə isə 42 kiloqram çəki dərəcəsində II yeri tutub. Məktəblilər medal və diplomla təltif olunublar.

Vətənə qalibiyyətlə dönən digər məktəbli isə 236 nömrəli tam orta məktəbin X sinif şagirdi Turxan Məhərrəmovdur. Məktəbli Türkiyədə cüdo idman növü üzrə təşkil olunan beynəlxalq yarışda 46 kiloqram çəki dərəcəsində II yerdə qərarlaşıb. T.Məhərrəmov medal və diplomla təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.