SİYASƏT


Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə konsert olub

Bakı, 4 mart, AZƏRTAC

Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası kollektivlərinin konserti olub.

AZƏRTAC xəbər verir ki, xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpus nümayəndələri, deputatlar, ölkəmizin incəsənət xadimləri və ictimaiyyət nümayəndələri konsertdə iştirak ediblər.

Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək deyib ki, ötən 95 ildə Naxçıvan Muxtar Respublikası böyük bir inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin quruculuq yolunu davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun səyi ilə bu gün Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə böyük inkişafa nail olub. Əhalinin həyat şəraiti və güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Artan imkanlar sosial-iqtisadi səviyyəyə də öz təsirini göstərib, muxtar respublikada elm, təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər siyasəti yeni inkişaf müstəvisinə çıxıb.

“Bu gün Naxçıvan Muxtar Respublikası enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan çiçəklənən diyardır”, - deyən Bəxtiyar Əsgərov çıxışını ümummilli liderimiz Heydər Əliyevin fikirləri ilə yekunlaşdırıb: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

Sonra konsert olub. Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının, filarmoniyanın solistlərinin, aşıqlarının və Naxçıvan Uşaq Filarmoniyası üzvlərinin ifasında səslənən xalq və bəstəkar mahnıları, muğamlar və aşıq havaları alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.