MƏDƏNİYYƏT
Bakı teatrlarında bu həftə maraqlı səhnə əsərləri nümayiş olunacaq
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi bu həftə beş səhnə əsəri ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağında təqdim ediləcək tamaşalar çağdaş və klassik yazıçıların əsərləri əsasında hazırlanıb.
Teatrın səhnəsində mayın 2-də “Manqurt”, 3-də “Ölülər”, 4-də isə “Sərgüzəşti vəziri xani Lənkəran” və “12-ci gecə və ya hər nə istəsəniz” tamaşaları nümayiş ediləcək. Bundan başqa, tamaşaçılar mayın 5-də “Çipollino” və “Cəhənnəm sakinləri” adlı səhnə əsərlərinə baxa biləcəklər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da bu həftə maraqlı tamaşalar göstəriləcək.
Sənət ocağının səhnəsində üç səhnə əsəri nümayiş ediləcək. Belə ki, teatrsevərlər mayın 3, 4-də “Balaca Şahzadə”, 5-də isə “Düyməcik”(rus dilində) və “Bankir adaxlı” tamaşalarına baxa biləcəklər.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da digər sənət ocaqları kimi maraqlı tamaşalarla balacaları sevindirəcək.
Teatrın yaradıcı heyəti bu həftə üçü rus, altısı isə Azərbaycan dilində olmaqla doqquz səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar mayın 1-də “Kəloğlan” və “Qoğal”, 2-də “Maşa və Ayı”, 3-də isə “Turp” və “Şəngülüm, Məngülüm” tamaşalarını izləyəcəklər. Həmçinin mayın 4-də “Qırmızı papaq”, “Maşa və Ayı”, mayın 5-də isə “Tıq-tıq və Taq-taqın nağılı”, “Durna balığı”na baxa biləcəklər.