MƏDƏNİYYƏT
Bakı vaxtilə gecə saat 00:00-da “Wiener Stadthalle” arenasında “Eurovision-2015” mahnı müsabiqəsinin yarımfinal şousu başlayacaq VİDEO
Vyana, 19 may AZƏRTAC
Bakı vaxtilə gecə saat 00:00-da “Wiener Stadthalle” arenasında “Eurovision-2015” mahnı müsabiqəsinin yarımfinal şousu başlayacaq.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Eurovision-2015” mahnı müsabiqəsinin yarımfinal şousunun açılış mərasimində ənənəyə uyğun olaraq yarışmanın aparıcıları Miryam Vaykelsbraun, Alis Tumler, Arabella Kisbauer bu mötəbər layihənin tamaşaçılarını salamlayacaqlar.
Ötən il müsabiqədə qalib olmuş Avstriya təmsilçisi Konçita Vurst “Rise like a phoenix” mahnısı ilə birinci yarımfinalda fərqli üslubda çıxış edəcək. Bu il 60 illik yubileyini keçirən “Eurovision” mahnı müsabiqəsində daha sonra Moldova, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya, Gürcüstan və Ermənistan təmsilçiləri performanslarını təqdim edəcəklər.
Səsvermə üçün ayrılmış vaxt ərzində səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou təqdim olunacaq. Daha sonra səsvermənin nəticələri elan ediləcək. Birinci yarımfinaldan dərhal sonra finala vəsiqə qazanmış 10 ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana