CƏMİYYƏT
Bakıda 500 manata odlu silah satmaq istəyən şəxs polislər tərəfindən saxlanılıb
Bakı, 25 may, AZƏRTAC
Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə E.Babayev küçəsində Şahin adlı şəxsin 500 manata odlu silah satmaq istəməsi barədə məlumat daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs - Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Kərimov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman “PSM” markalı tapança və içərisində 2 patron olan daraq aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı bir müddət bundan əvvəl yaşadığı Kürdəmir rayonunda tapdığını və satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.
Faktla bağlı 7-ci polis bölməsində toplanan material araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.