CƏMİYYƏT
Bakıda 7-ci beynəlxalq ətraf mühit sərgisi açılacaq
Bakı, 12 oktyabr, AZƏRTAC
Noyabrın 16-dan 18-dək Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) keçiriləcək.
Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.
Bu il sərgidə dünyanın 10 ölkəsindən 60-dan artıq şirkət iştirak edir. Onların arasında Azərbaycanla yanaşı, Almaniya, Çexiya, Danimarka, İngiltərə və digər ölkələr var. “Caspian Ecology” sərgisində “Arkon Flow Systems” (Çexiya), “BLUCAST JSC” (Litva), “DIKKAN” (Türkiyə) şirkətləri ilk dəfə iştirak edəcəklər.
Ümumilikdə “Caspian Ecology” sərgisində təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri nümayiş olunacaq. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar və sutəmizləmə sistemləri təqdim edəcəklər.
Beləliklə, beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.