MƏDƏNİYYƏT
Bakıda “Əks” adlı qrup sərgisi maraqla qarşılanmışdır VİDEO
Bakı, 5 dekabr (AZƏRTAC). Dekabrın 5-də Bakıda Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Əks” adlı qrup sərgisi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, sərgidə doqquz rəssamın – Sara Nil-Consun, Kristian Qastalinin, Seqolen Qrasın, Hayas Hoseynin, Fərid Məmmədzadə və Fəridə Rəcəbovanın, İmad Mansurun, Roşanak Ostadın, Həbib Saherin işləri təqdim olunmuşdur.
Açılış mərasimində çıxış edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirmişdir ki, səfirlik Bakıda yaşayan rəssamların “Əks” adlı sərgisini keçirməkdən böyük məmnunluq duyur. Bu sərgi Azərbaycanda plastik incəsənətin canlı təzahürüdür. Tədbirdə iştirak edən rəssamlar öz daxili aləmlərindəki fantaziyanı rəsm əsərlərində əks etdirmiş və eyni dəyərləri bölüşmüşlər. Bu rəsmlər insanı dərin düşüncələrə qərq edir və onun daxili aləmini əks etdirir.
Səfir Aleksandr Kalderin “İncəsənət niyə statik olmalıdır?” sözlərini xatırladaraq demişdir ki, təqdim olunan əsərlər bu suala cavab verir: “Əgər hər şey güzgüdə “düşünərək” əks hərəkət etsəydi, nə gözəl olardı!”.
Sərgidə nümayiş olunmuş əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.