İQTİSADİYYAT
Bakıda “Astana EXPO-2017”nin təqdimatı keçiriləcək
Astana, 20 sentyabr, AZƏRTAC
Astanada Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.
Bu məqsədlə Qazaxıstanın paytaxtı Astanada səfərdə olan Azərbaycan energetika naziri, “Astana EXPO 2017” sərgisi üzrə milli seksiyanın komissarı Natiq Əliyevin “Astana EXPO 2017” Milli Şirkətinin İdarə heyətinin sədri Axmetjan Yesimovla keçirdiyi görüşdə iki ölkə arasında mövcud əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Prezident İlham Əliyevin müvafiq göstərişi ilə respublikamızı “EXPO 2017” sərgisində təmsil edəcək milli seksiyasının komissarı Natiq Əliyev görüşdə Azərbaycanın “EXPO 2017” sərgisində milli pavilyonun təşkili ilə bağlı görülən işlər barədə məlumat verib.
Natiq Əliyev dünyanın 103 ölkə və 13 beynəlxalq təşkilatının iştirak edəcəyi 3 aylıq sərginin Qazaxıstanın imkanlarının nümayişi baxımından siyasi əhəmiyyətə malik mühüm tədbir kimi qiymətləndirib. Milli komissar bildirib ki, Azərbaycan bu tədbirin keçirilməsində Qazaxıstana dəstək verməklə yanaşı, gələcəyin enerjisinin müəyyənləşdirilməsinə də öz töhfəsini verməyə hazırdır.
Sərgidə Azərbaycanla bağlı təşkil ediləcək pavilyon özünəməxsus tərtibatı ilə seçiləcəyini bildirən Natiq Əliyev iştirakçı ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacağını deyib.
Təşkil olunacaq sərgi enerji təhlükəsizliyinin təminatında qarşılıqlı maraq və ümumi prinsiplərə dair fikir mübadiləsinin aparılması ilə beynəlxalq səviyyəli enerji dialoquna siyasi dəstək verməklə yanaşı, enerji siyasətinin məqsədyönlü həyata keçirilməsində iştirakçı ölkələr tərəfindən irəli sürülən islahatlar və digər aktual məsələlər ətrafında geniş müzakirələrdə ölkəmizin iştirakına şəraiti təmin edəcək.
“Astana EXPO-2017” Milli Şirkətin İdarə heyətinin sədri Axmetjan Yesimov isə sərginin əhəmiyyətindən danışaraq, enerji problemlərinin həllində Azərbaycanın Qazaxıstanla birgə çıxış etməsi üçün bu tədbiri mühüm platforma hesab edib.
Axmetjan Yesimov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu ilin oktyabr ayında Azərbaycana səfəri çərçivəsində “Astana EXPO-2017” təqdimatını keçirmək niyyətini bildirib.
Natiq Əliyev Azərbaycan-Qazaxıstan İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının birgə iclasında bu məsələnin də müzakirə ediləcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana