ELM VƏ TƏHSİL
Bakıda “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisi açılıb VİDEO
Bakı, 4 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin və Milli Təhsil Texnologiyaları Mərkəzinin (MTTM) birgə təşkilatçılığı ilə iyulun 4-də “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın, Gürcüstanın, İranın muzey və kolleksiyalarında aparılmış tədqiqatlar nəticəsində bərpa edilmiş XIX əsrin sonu, XX əsrin əvvəllərində istər Şimali, istərsə də Cənubi Azərbaycanda mövcud olmuş geyimlərə aid 150-dən artıq eksponat, 20-dən artıq tam qadın və kişi geyim dəstləri, 70-dən artıq unikal rəsm və fotoşəkil, müvafiq tarixi məlumatlar, həmçinin muzey tərəfindən müxtəlif illərdə nəşr edilmiş etnoqrafik kitab və kataloqlar yer alıb. Sərgidə nümayiş olunan materiallar muzey tərəfindən nəşr edilmiş kataloqda əksini tapıb. Nəfis tərtibatlı, rəngli, 15 səhifəlik kataloqda müxtəlif geyim növləri, aksesuarları təqdim edilir.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı milli geyimlərimizə həsr olunan sərginin əhəmiyyətindən danışıb. Akademik bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi qloballaşan dünyada Azərbaycan türk-müsəlman mədəniyyətinin qorunub saxlanılmasına və gələcək nəslə təhrifsiz ötürülməsinə töhfə verməkdir.
N.Vəlixanlı qeyd edib ki, son illərdə milli geyim mədəniyyətimizdə özfəaliyyət xarakteri daşıyan dəyişiklik və təhriflər əsl həqiqətin ortaya qoyulması ehtiyacını doğurub. Sərgidə təqdim olunan geyimlərin müəllifi, sənətşünaslıq doktoru Səbirə Dünyamalıyevanın Azərbaycan, Gürcüstan və İrandakı muzey və kolleksiyalarda apardığı tədqiqatlar nəticəsində XIX əsrin sonu-XX əsrin əvvəllərində ölkəmizdə mövcud olmuş geyim növlərinin norma və qaydaları müəyyənləşdirilib, onların əsasında milli geyim standartları tərtib edilib.
S.Dünyamalıyeva geyimlərin dövrlər, bölgələr üzrə hazırlanma texnologiyası haqqında ətraflı məlumat verib. O qeyd edib ki, milli geyim standartlarına uyğun olaraq ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi və qadın geyim komplektləri tikilib.
Sərginin kuratoru, muzeyin elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov mədəni irsimiz olan milli geyimlərimizin yaranma tarixi haqqında məlumat verib.
Sonda Azərbaycan milli geyimlərinin öyrənilməsinə və təbliğinə töhfə verənlərə, sərgidə təqdim edilən geyimlərin hazırlanmasına, eləcə də tədbirin təşkilinə maddi və mənəvi dəstək göstərənlərə təşəkkürnamələr təqdim olunub.
Sərgi oktyabrın 1-dək davam edəcək.