SİYASƏT
Bakıda Birinci Dünya müharibəsinə həsr olunmuş konfrans
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Bruno Eli Birinci Dünya müharibəsi və onun Qafqazdakı fəsadlarından söz açıb.
Bildirib ki, bu dünya müharibəsi bir çox cəbhələrdə cərəyan etsə də, bunlardan bəziləri az, digərləri daha çox tanınırdı. 1914-cü ilin noyabr ayından 1918-ci ilin oktyabrınadək Qafqaz dağları ilə Anadolu yarımadası arasında, Qara Dəniz və İran arasında 700 km boyunca uzanan cəbhə mövcud idi. Bu cəbhə çox vaxt ikinci cəbhə kimi dəyərləndirilir. Çünki onun iki rəqibi - Osmanlı və Rusiya imperiyaları var idi. Lakin müharibə hər iki imperiyanın tarixin səhnəsindən silinməsi ilə nəticələndi.
Qeyd edilib ki, ikinci cəbhənin əsas xüsusiyyəti döyüş meydanlarının coğrafi mövqeyi ilə şərtlənir. Cəbhə dəniz səviyyəsindən 3000 metrdən yuxarı, sərt iqlimli, qışda soyuq və qarlı, yayda bürkülü olan dağlıq ərazidə yerləşirdi. Dəmir yolları, yol şəbəkələri zəif inkişaf etmiş və iki rəqib arasında düzgün bölünməmişdi. Qlobal reallığın hər iki tərəf arasında oxşar olmasına baxmayaraq, təşkilat, silahlanma, avadanlıq, logistika imkanları çox fərqli idi. Başçılar hər iki düşərgədə öz siyasətlərini fərqli şəkillərdə yerinə yeritməyə çalışırdılar.
Konfransda həmçinin ikinci cəbhədə əməliyyatlardan, 1916-cı ilin yayında rusların hərbi üstünlüyündə söhbət açılıb və iştirakçıların sualları cavablandırılıb.