MƏDƏNİYYƏT
Bakıda “Bu necə bir hissdir?” adlı sərgi açılıb
Bakı, 3 dekabr, Flora Şükürova, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzində “ARTIM” layihə çərçivəsində “Bu necə bir hissdir?” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, qrup sərgisi “YARAT”ın yerli rezidentləri - Vüsalə Ağarazıyeva və Erkin Ələkbərli, habelə Gökçen Dilek Acay, Timo Herbst və Mersedes Şturm-Li kimi əcnəbi rezidentlərin iştirakı ilə baş tutub. Sərgi öz ətrafı ilə maraqlanan və müxtəlif subyektləri araşdırmağa, onları hiss etməyə çalışan tamaşaçının nəzər nöqtəsini təsvir edir. Layihənin ideyası, nəticə etibarilə tamaşaçının onu əhatə edən və sadə izahı tapmağa mane olan müxtəlif təsirləri dəf etməsi və onların öhdəsindən gəlməsini vurğulayır.
“YARAT”ın üç xarici və iki yerli rezidentinin əsərlərini bir araya gətirən bu sərgi, sənət insanlarının baxışları ilə qurulmuş və bir-birlərinin son dərəcə iti nəzər nöqtələrini əks etdirən bir “səyahət”dir. Layihənin başlıca məqsədi, gənc istedadların incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.
Gökçen Dilek Acay “Anatomik mövqelər” adlı videosu və “DNK strukturu” adlı instalyasiyası, ilk olaraq çaşqınlığa səbəb olan geometrik formalarda insan bədəninin ayrı-ayrı hissələrini maraqlı formada təqdim edir. İnstalyasiya rəssamın saç quruluşunu və bədəninin daxilində daim və sürətlə dəyişən hadisələri əks etdirməklə, XXI əsrdə insan orqanizmi haqqında biliklərlə bağlı dəyişiklikləri, insanın öz bədəninin “yabançılığından” və özgəliyindən qorxması, eləcə də genetik metifikasiya vasitəsilə insanın zahiri görünüşünə nəzarətin mümkünlüyü ilə tanışlığı izah edir.
Vüsalə Ağarazıyevanın “Cəfəngiyat” adlı instalyasiyasının əsas diqqəti süni dəyərlər, boş ideyalar və hədəfləri xarakterizə edən hava şarına yönəlib. Rəssam, insanların boş və mənasız davranışlarını, həyata qarşı münasibətlərini, eyni zamanda, xəyali, mümkünsüz hədəflərə nail olmağa çalışmalarını şübhə altına qoyur.
Erkin Ələkbərlinin təqdim etdiyi “İtirilmiş nəsil” adlı əsərində müharibə terrorlarında itirilmiş, unudulmuş və zülmətə qalmış saysız-hesabsız uşaqların həyatından danışılır.
Timo Herbst və Mersedes Şturm-Li kimi əcnəbi rəssamların videoəsərləri çoxsaylı gerçəkliklərdən ibarət strategiyanı tətbiq edir. İnsanların həyat tarixçələrini, şəxsi münasibətlərini və bu konsepsiyaların gündəlik həyata göstərdiyi təsirləri ehtiva edir.
Dekabrın 16-dək davam edəcək sərgidə nümayiş olunan əsərlər öz özəlliyi ilə seçilir.