MƏDƏNİYYƏT
Bakıda Çin Yeni ilinin başlanmasını bildirən Bahar bayramı qeyd edilib VİDEO
Bakı, 14 fevral, Samirə Allahverdiyeva, AZƏRTAC
Fevralın 14-də Çinin Azərbaycandakı səfirliyində Çin Yeni ilinin başlanmasını bildirən Bahar bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, səfir Xun Tsyuin tədbirdə çıxış edərək Çinin keçdiyi inkişaf yolundan danışıb, ölkədə iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib.
Səfir deyib ki, Çin və Azərbaycan sadiq dost və etibarlı tərəfdaşlardır. Diplomatik münasibətlər qurulduğu gündən ölkələrimiz arasında dostluq əlaqələri qarşılıqlı inam və hörmət əsasında inkişaf edir. Çin Azərbaycanın ənənəvi dostluq və səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir.
Diplomat əmin olduğunu bildirib ki, birgə səylər nəticəsində ikitərəfli münasibətlər xalqlarımızın mənafeyinə və maraqlarına uyğun olaraq bundan sonra daha da inkişaf edəcək.
Çin Dili və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Rafiq Abbasov Çinin milli adət-ənənələri, mərasimləri, bayramları haqqında məlumat verib və bu ənənələrin dünya mədəni irsinin əsas elementi kimi qorunub saxlanıldığını vurğulayıb.
Dərin tarixi köklərə malik Azərbaycan-Çin münasibətlərindən danışan Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli iki ölkə arasında mövcud dostluq əlaqələrindən bəhs edib. O, Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verərək bildirib ki, ölkəmizdə Çin mədəniyyətinin və dilinin təbliği üzrə böyük iş aparan bu institut dost xalqlarımız arasında humanitar körpü rolu oynayır.
Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Hu Fenhua iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı naminə yaradılan əlaqələrdən məmnunluq hissini ifadə edib.
Rəsmi hissə başa çatandan sonra Çuntsze - Çin Yeni ili bayramına həsr edilən şənlik keçirilib. AZƏRTAC-ın əməkdaşlarının, Bakı Dövlət, Azərbaycan Dillər universitetlərinin tələbələrinin, Konfutsi İnstitutunun gənc müdavimlərinin ifasında rəqslər, Çin xalq mahnıları və səhnəciklər təqdim edilib. Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan tələbələr Çin dilində Çinin adət-ənənələri haqqında məruzələrlə çıxış ediblər. Çinin milli musiqi alətləri ilə ifa olunan melodiyaların müşayiəti altında Çin şairlərinin şeirləri səsləndirilib. Tədbirdə xüsusi geyimlərlə səhnəciklər də nümayiş olunub.
AZƏRTAC-ın əməkdaşlarının ifasında səslənən “Mo Li Hua” mahnısı iştirakçıların xüsusi marağına səbəb olub.
Qeyd edək ki, Yeni ilin qarşılanması ənənəvi Çin mədəniyyəti üçün ailə həyatında ən mühüm hadisədir. Çində qəbul edilmiş ay təqviminə görə bu bayram ilin ilk ayının birinci günündə, Qriqori təqvimi üzrə fevralın ortalarında qeyd edilir. Çinlilər hesab edirlər ki, baharın ilk günündə təbiət oyanır, torpaq canlanır, həyat təzələnir.