MƏDƏNİYYƏT


Bakıda “Çin təqvimi üzrə Yeni il” sərgisi açılıb

Bakı, 14 fevral, Flora Şükürova, AZƏRTAC

Fevralın 14-də Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr” layihəsi çərçivəsində “Çin təqvimi üzrə Yeni il” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Xalça Muzeyi və Çinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Muzeyin direktoru Şirin Məlikova bildirib ki, sərgi iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulmasına təkan verəcək. Bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. “Bugünkü sərginin əsas mövzusu Çin təqvimi ilə bu ili rəmzləşdirən it obrazıdır. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır”, - deyə muzeyin direktoru bildirib.

Qeyd olunub ki, muzeyin əməkdaşları Azərbaycan xalçalarında rast gəlinən it ornamental motivlərindən ibarət maraqlı videoanimasiya hazırlayıblar. Sərgidə Çin səfirliyi tərəfindən təqdim olunan videoçarxlarda bu ölkənin mədəniyyəti, incəsənəti, eləcə də adət-ənənələri təsvir edilir.

Tədbirdə Çinin ölkəmizdəki səfiri Vey Cinxua sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Çin təqviminə əsasən, 2018-ci ilin fevralında it ili qədəm qoyur. Buna görə də layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları əhatə edir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir çıxarılır.

İt təsvirləri dünya incəsənətinin ənənəvi elementlərindəndir, onların məna yükü isə müxtəlif dövrlərdə və bir çox xalqların incəsənətində totemdən sırf məişətə qədər dəyişir. “Belə bir sərginin açılışında iştirak etməkdən məmnunam. Bir neçə gün sonra Çin xalqı it ilini qarşılayacaq. Xoşbəxtlik, uğur və ümid ifadə edən Çin Yeni ili bütün xalqı bir araya gətirir. Novruz bayramı azərbaycanlılara əziz olduğu kimi, bu bayram da Çin xalqına əzizdir. Bütün münasibətlər xalqlar arasında olan əlaqələr müstəvisində inkişaf edir. Bu sərgi iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirəcək, möhkəmləndirəcək”, - deyə diplomat qeyd edib.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Fikrət Babayev belə bir layihənin Xalça Muzeyində reallaşdırılmasını yüksək qiymətləndirib, bu işdə hər kəsə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi fevralın 28-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.