HEYDƏR ƏLİYEV - 100


Bakıda “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Ağsaqqallar Şurasında Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganerlə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulan sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin hazırda yüksələn xətlə inkişaf etdiyini bildirib. O, Prezident İlham Əliyevin və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın mövcud yaxın əlaqələr kontekstində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə böyük töhfələr verdiklərini diqqətə çatdıraraq, qardaş Şimali Kiprin Azərbaycan üçün ən yaxın dost və tərəfdaş ölkələrdən biri olduğunu deyib.

Qurumun fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən E.Quliyev Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunan 2023-cü ildə Şura tərəfindən digər tədbirlərlə yanaşı, mayın əvvəllərində “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq konfrans keçirəcəyini xatırladıb və Şimali Kipr Türk Respublikasının nümayəndələrini də bu tədbirə dəvət edib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov və sədr müavini, deputat, professor Eldar İbrahimov böyük Türk millətinin bir parçası olan Şimali Kipr Türk Respublikası ilə bağlı fikirlərini bölüşüb, xalqlarımızın mənafeyinə xidmət edən gələcək planlardan danışıblar.

Ağsaqqallar Şurasının binasında yaradılan şəraitlə tanış olan xanım Ufuk Turganer iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib, Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşüb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.