İQTİSADİYYAT
Bakıda ICAO-nun Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun birinci müşavirəsi keçirilir
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-5-də Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun (ICAO EUR ENV PT) birinci müşavirəsi keçirilir.
Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ICAO-nun Avropada akkreditasiya edilmiş dövlətlərin və beynəlxalq aviasiya qurumlarının ekspertlərinin iştirak etdiyi bu müşavirədə mülki aviasiyada ətraf mühitin mühafizəsi ilə əlaqədar mühüm məsələlər müzakirə edilir.
Sözügedən İşçi Qrupu Avropa Aeronaviqasiya Planlaşdırma Koordinasiya Qrupunun (EANPG COG) və Avropa Regional Koordinasiya Qrupunun (RCOG) ICAO-nun Paris qərargahında 2018-ci il mayın 16-18-də keçirilən müştərək müşavirəsində təsis edilib.
Azərbaycanın mülki aviasiya sahəsi gündəlik fəaliyyətində, həmçinin ICAO, ECAC, CANSO, IATA və digər Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində, dövlətimizin ekoloji prioritetlərə əsaslanan iqtisadi inkişafı dəstəkləyən siyasətini tərənnüm edir və ekoloji məsələlərin regional səviyyədə həllində qabaqcıl rol oynayır.
Qeyd edək ki, ICAO Baş Assambleyasının 39-3 saylı Qətnaməsində üzv dövlətlərin “Ətraf Mühitin Mühafizəsində Qlobal İqtisadi Tədbirlər” birgə bəyannaməsinin həyata keçirilməsi məqsədilə Azərbaycanın da 44 dövlət sırasında üzv olduğu Avropa Mülki Aviasiya Konfransı (ECAC) 2016-cı il sentyabrın 3-də “Beynəlxalq Aviasiyada Karbon Qazının Azaldılması və Kompensasiyası Sxemi (CORSIA – Carbon Offseting and Reduction Scheme for International Aviation)” kontekstində Bratislava Bəyannaməsini dəstəkləmişdi. Bəyannaməyə əsasən 2020-ci ildən başlayaraq milli aviadaşıyıcılar yerinə yetirdikləri uçuşlardan ətraf mühitə karbon emissiyalarının miqdarı barədə Dövlət Səlahiyyətli Aviasiya Orqanlarına və onlar öz növbəsində ICAO-ya illik hesabatlar verməklə öhdəlik daşıyacaq.
ICAO Baş Assambleyasının digər 39-2 saylı Qətnaməsinə əsasən üzv dövlətlərə könüllü olaraq “Emissiyaların Azaldılması Tədbirlər Planı”nın hazırlanması və həmin Dövlət Planının hər 3 ildən bir yenilənməsi tövsiyə olunub.
Ətraf mühitin mühafizəsi çərçivəsində ICAO-nun fəaliyyəti aviasiya texniki komissiyası və aviasiya ekspertlərindən ibarət regional işçi qruplar vasitəsilə həyata keçirilir.
Bu strukturda fəaliyyət ICAO-nun yeni standartlarının və tövsiyələrinin (SARP – Standards and Reccomended Practicies) formalaşdırılması və qəbul edilməsində, ətraf mühitin mühafizəsi ilə əlaqədar beynəlxalq tələblərin həyata keçirilməsi üzrə məsələlərin ekspert səviyyəsində həlli yollarının araşdırmasında, müvafiq qərarların qəbul edilməsində və bu istiqamətdə ICAO-ya üzv dövlətlərə yardım edilməsində bilavasitə rol oynayır.