MƏDƏNİYYƏT
Bakıda İslam dünyası gənc klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsi başlayıb
Bakı, 19 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında islam ölkələrindən gənc klassik musiqi ifaçılarının (20 yaşadək) beynəlxalq festival-müsabiqəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, ənənə halını almış festival ISESCO və Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil edilir.
Təşkilat Komitəsinin sədri, “Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə tədbiri açaraq müsabiqənin şərtlərindən danışıb. Bildirib ki, qaliblər üçün Qran-pri, 14 nominasiya üzrə mükafatlar, habelə Mədəniyyət və Turizm Nazirliyinin ən balaca ifaçılar üçün həvəsləndirici mükafatları, Azərbaycan bəstəkarlarının əsərlərınin ifasına görə 2 mükafat nəzərdə tutulub.
Qeyd edilib ki, festival-müsabiqənin məqsəd və vəzifəsi gənc istedadları üzə çıxarmaq, beynəlxalq təcrübə və ideya mübadiləsi aparmaq, xarici ölkələrdən olan gənclərin Azərbaycan mədəniyyəti və incəsənəti ilə tanış olmalarına geniş imkan yaratmaqdır. Bir neçə gün ərzində professor Yeganə Axundovanın rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti dinləmələr keçirəcək. Müsabiqə qala-konsertlə başa çatacaq.