İQTİSADİYYAT


Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir

Bakı, 21 noyabr, AZƏRTAC 

İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin dəstəyi ilə reallaşan İtaliya Mətbəxi Həftəsi çərçivəsində “Təhlükəsiz qida, keyfiyyətli məhsullar və güclü bir ölkə brendi. İtaliya-Azərbaycan Dialoqu” seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarın açılış mərasimində çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari ölkələrimiz arasındakı əməkdaşlığın tarixindən və aqrar sahədə birgə görülən işlərdən danışıb.

Daha sonra isə Michelin ulduzlu aşpaz Karlo Krasko çıxış edərək, bir neçə gün ərzində paytaxtımızın müxtəlif restoranlarında İtaliya mətbəxinin ləziz təamlarını hazırladığını və onları hazırlayarkən “Kənddən Şəhərə” satış mərkəzlərində satılan qida məhsullarından istifadə etdiyini vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Fərəcov açılış mərasimində çıxış edərək ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf etdiyini və bu inkişafın Azərbaycan üçün yeni imkanlar yaratdığını deyib. Azərbaycanın qonaqpərvərliyindən və mətbəxindən danışan R.Fərəcov məhsullarımızın İtaliya kulinariya ənənələrini zənginləşdirəcəyini söyləyib. Bu isə özlüyündə həm italyan mətbəxini, həm də yerli məhsullarımızın keyfiyyətini nümayiş etdirəcək.

Tədbirin açılış mərasimində Azərbaycan Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və İtaliya Ticarət Agentliyinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin direktoru Maurizio Ferrini çıxış ediblər.

Seminarın debat hissəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat ASC İdarə Heyətinin sədrinin müşaviri Vüqar Namazov çıxış edərək ATT-nin fəaliyyətindən, həyata keçirilən layihələrdən danışıb. O, qurumun əsas məqsədinin insanları sağlam məhsullarla təmin etmək, eyni zamanda kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməkdən ibarət olduğunu bildirib. Azərbaycanın ixrac potensialının yüksək olduğunu diqqətə çatdıran V.Namazov təmsil etdiyi qurumun yerli qida məhsulları istehsalçılarını ixraca təşviq etdiyini vurğulayıb.

Qeyd edək ki, İtaliya Mətbəxi Həftəsi 18-24 noyabr tarixlərində Azərbaycanla bərabər, dünyanın bir çox başqa ölkələrində də təşkil olunur. Həftə çərçivəsində paytaxtımızda çoxlu sayda tədbirlər (seminarlar, konfranslar, aşpazlarla görüşlər, aşpazlıq kursları, dequstasiyalar, şam yeməkləri, biznesin təşviqi fəaliyyətləri və s.) təşkil olunmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.