MƏDƏNİYYƏT
Bakıda “Kofe rəngi” adlı sərgi açılıb
Bakı, 19 iyun, Ceyhun Alışov, AZƏRTAC
İyunun 19–da Muzey Mərkəzinin Sərgi Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və “Cofe planet” şirkətinin dəstəyi ilə “Kofe rəngi” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev təmsil etdiyi qurumun böyük art-layihəsi olan bu sərginin ölkəmizdə keçirilən birinci Avropa Oyunlarına həsr edildiyini bildirib.
Sərginin birinci Avropa Oyunları zamanı təşkil olunmasının əhəmiyyətindən söz açan nazir müavini Muzey Mərkəzində təşkil edilən belə silsilə tədbirlərin böyük maraqla qarşılandığını vurğulayıb.
Xalq rəssamı, Rəssamlar İttifaqının katibi Ağali İbrahimov sərgi çərçivəsində fırça ustalarının müasir əsərlərinin nümayiş olunmasını rəssamlıq sənətinin inkişafına təkan kimi dəyərləndirib.
Daha sonra iştırakçılar sərgi ilə tanış olublar.
Sərginin ekspozisiyasına rəngkarlıq, qrafik, heykəltəraşlıq, batika, instalyasiya əsərləri və müəllif kuklaları daxildir.
Sərgidə rəssam İrina Eldarovanın və kuklaçı rəssamlar Pərviz Hüseynov, İrina Qundorina, Nübar Şahbazova və Anara Salmanovanın 100–dən çox tematik rəsm əsərləri nümayiş olunub.
İyunun 30–dək davam edəcək sərgidə iştirakçılara tanınmış dizayner Nadya Tazıyevanın kofe rəngində geyim kolleksiyası da təqdim edilib.