MƏDƏNİYYƏT
Bakıda Polşanın Müstəqillik Gününə həsr edilmiş konsert olub
Noyabrın 12-də Polşa musiqisi günləri çərçivəsində Rəşid Behbudov adına Mahnı Teatrında Polşa Respublikasının 11 noyabr Müstəqillik Gününə həsr edilmiş konsert olub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış etmiş Polşa Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Ancey Kneifel Müstəqillik Gününün tarixindən söhbət açaraq bildirib ki, 1918-ci il noyabrın 11-də Polşa Rusiya imperiyasından, Avstriya və Prussiyadan müstəqillik əldə edib.
Konsert çərçivəsində həmçinin “Polyak kartı”nın təqdim edilməsi mərasimi olub. Polşanın Azərbaycandakı səfirliyinin konsulu Antonina Mixalovska Azərbaycanın polyak kökləri olan dörd gənc vətəndaşına “Polyak kartı” təqdim edib. Bu kart onlara mülki xarakter daşımayan bəzi hüquqlar verir, o cümlədən onlar üçün ölkəyə girişi asanlaşdırır.
Konsertdə tanınmış Polşa pianoçusu Marian Sobulanın ifasında Friderik Şopenin, İqnati Yan Paderevskinin və Yanuş Beletskinin əsərləri səsləndirilib.
Marian Sobula Polşa, Almaniya, Avstriya, Fransa və Çilidə keçirilmiş beynəlxalq müsabiqələrin laureatıdır.