İQTİSADİYYAT


Bakıda QDİƏT regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş Beynəlxalq biznes forum keçiriləcək

Bakı, 10 oktyabr, AZƏRTAC

Noyabrın 2-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının sədri olan Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş Beynəlxalq biznes forum keçiriləcək.

ASK-dan AZƏRTAC-a bildiriblər ki, forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin sahibkarları, biznesə dəstək təşkilatları Azərbaycanda olan real investisiya imkanları, hazırda icra edilən investisiya layihələri haqqında yaxından tanış olacaq, habelə sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə B2B görüşlər təşkil ediləcək.

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbul şəhərində 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə yaradılıb. Hazırda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna bu nüfuzlu beynəlxalq təşkilatın üzvləridir. Qurumun əsas məramı çoxtərəfli siyasi-iqtisadi əməkdaşlıq modeli kimi regional siyasi problemləri həll etmək, habelə bölgəyə sülh və əmin-amanlıq gətirməklə yanaşı üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirməkdən ibarətdir. Məhz təşkilatın üzv dövlətləri arasında biznes əlaqələri inkişaf etdirmək məqsədilə QDİƏT Biznes Şurası fəaliyyət göstərir. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) bu ilin iyul ayının 1-dən etibarən 6 ay müddətinə Biznes Şuraya sədrlik edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.