CƏMİYYƏT
Bakıda “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda konfrans işə başlayıb VİDEO
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Bakıda “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digərləri iştirak edirlər.
Konfransda “Sosial rifah dövləti və gender bərabərliyi”, “Münaqişədən zərər çəkmiş qadınların hüquqlarının müdafiəsi”, “Azərbaycanın əmək bazarında qadın təmsilçiliyi”, “Qadınların inkişafında vətəndaş cəmiyyətinin rolu” və “Təhsil qadın hüquqlarının əsas komponenti kimi” mövzularında çıxışlar olacaq.
Tədbirin sonunda “Gənc qızların təhsilinə dəstək” kampaniyasına qoşulmuş özəl sektor nümayəndələrinin mükafatlandırılması mərasimi keçiriləcək.