ELM VƏ TƏHSİL
Azərbaycan və Türkiyə alimləri sosial elmlər sahəsində araşdırmalar aparıblar
Bakı, 19 oktyabr, X.Cəfərova, AZƏRTAC
Oktyabrın 19-da Bakıda “Sosial elmlərin araşdırılması” mövzusunda ikinci beynəlxalq konfrans öz işinə başlayıb. Tədbir Bakı Avrasiya Universitetinin (BAU), Türkiyənin Pamukkale Universitetinin və Anadolu Mədəni Araşdırmalar Jurnalının birgə təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
BAU-nun rektoru, professor Nazim Hüseynli bildirib ki, oktyabrın 21-dək davam edəcək konfransın keçirilməsinin məqsədi müasir dövrün çağırışlarına uyğun olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqun qurulması, ortaq layihələrin reallaşdırılmasıdır. Beynəlxalq tədbirin hər iki dövlətin elm və təhsil sahələrinin inteqrasiyasına səmərəli təsir edəcəyini deyən rektor konfransın işinə uğurlar arzulayıb.
Konfransın sədri, professor Həsən Kara ilk dəfə 2015-ci ildə Sarayevoda keçirilmiş tədbirin Şərq və Qərb istiqamətləri üzrə hər il bir ölkədə təşkil ediləcəyini deyib. Professor bir sıra ölkələrin elm adamlarını bir araya gətirən konfransın birgə elmi tədqiqat işlərinin aparılmasına xidmət edəcəyini bildirib. Mövzunun aktuallığını qeyd edən H.Kara konfransda arxeologiya, coğrafiya, dil, ədəbiyyat, metodik elmlər, fəlsəfə, incəsənət, hüquq, iqtisadiyyat, türk mədəniyyəti, beynəlxalq münasibətlər və digər sahələr üzrə müxtəlif mövzularda çıxışların dinləniləcəyini diqqətə çatdırıb.
Anadolu Mədəni Araşdırmalar jurnalının redaktoru, professor Turhan Çetin konfransın əlaqə və münasibətlərin genişləndirilməsi, bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva “Qarabağ problemi” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Türkiyə universitetləri ilə əməkdaşlıqdan danışıb, əlaqələrin ildən-ilə genişləndiyini qeyd ediblər. Bildirilib ki, belə konfransların ardıcıl təşkil olunması elm və təhsil sahəsinin inkişafında mühüm rol oynayır və gənclərin beynəlxalq səviyyədə inteqrasiyasına səbəb olur.
Tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilib.