İQTİSADİYYAT


Bakıda Türk Şurasına üzv dövlətlərin kinologiya sahəsində qarşılıqlı əməkdaşlığı üzrə seminar başlayıb

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin kinologiya sahəsində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üzrə seminar başlayıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük orqanlarının kinoloji xidmətlərinin mütəxəssisləri iştirak edirlər. Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov seminarda xüsusi təqdimatla çıxış edərək gömrük-sərhəd keçid məntəqələrində aşkar olunan faktlar, gizli saxlanc yerləri, axtarış itlərinin təlimi və digər mövzular barədə ətraflı məlumat verib.

Qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparıldığı seminarda xarici mütəxəssislərin sualları cavablandırılıb.

Daha sonra qonaqlar Kinoloji Mərkəzin ərazisi ilə tanış olublar.

İ.Osmanov mərkəzin gündəlik iş prosesi, fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu müəssisə 2003-cü ildə istifadəyə verilib və təchizatına görə onun regionda analoqu yoxdur. 3,5 hektar ərazini əhatə edən mərkəzin bazasında hazırda 60 baş xidməti it saxlanılır və bu il ərzində onların sayını 72-yə çatdırmaq nəzərdə tutulur.

Ekskursiya zamanı mərkəzin təlim meydançasında xidməti axtarış itləri narkotik vasitələrin və digər qadağan olunmuş maddələrin aşkar edilməsi üzrə bacarıqlarını nümayiş etdirib, qonaqlar prosesləri yaxından izləyiblər.

Tədbirin ikinci günündə “Xidməti axtarış itlərinin tətbiqi ilə aşkar olunan hüquqpozma faktları” və “Axtarış itlərinin iybilmə qabiliyyəti haqqında” animasiya filmi və 2D formatında videoçarxın nümayiş etdirilməsi, “Narkotik vasitələrin və digər gömrük hüquqpozmalarının aşkar olunmasında xidməti axtarış itlərindən istifadə haqqında”, həmçinin “Xidməti axtarış itlərinin ümumi itaətetmə təlimi”nin praktiki seminarının keçirilməsi nəzərdə tutulur.

Seminarın davamı olaraq nümayəndə heyəti yanvarın 28-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə səfər edəcək, idarədə aparılan praktiki işlərin əyani şahidi olacaqlar. Sözügedən seminar TDƏŞ üzv dövlətlərin gömrük idarələri arasında Gömrük Hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair anlaşma memorandumuna əsasən təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.