MƏDƏNİYYƏT
Bakıda Xalq rəssamı Arif Hüseynovun əsərləri sərgilənəcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Arif Hüseynovun “75 və 75” adlı sərgisi açılacaq.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın 75 illik yubileyi münasibətilə simvolik olaraq 75 əsəri nümayiş olunacaq.
Oktyabrın 30-dək davam edəcək sərgi Təhsil və Mədəniyyət nazirlikləri, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə reallaşacaq.
Arif Hüseynovun maraq dairəsi çox genişdir. O, uğurla həm klassik, həm də çağdaş ədəbiyyat nümunələrinə illüstrasiyalar çəkir. Ədəbi qəhrəmanları asanlıqla təxəyyülündə canlandıra, ifadəli cizgilərlə onlara obrazlı görkəm verə bilir.
Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsində səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora,
adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar. “Qarabağ şikəstəsi”, “Mis qablar”, “Aşıq”, “Kəndirbazlar” və digər əsərlərdə rəssamın qədim miniatür sənəti ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və təəssübkeşliyi də qabarıq hiss edilir.
Azərbaycan nağıllarını, dastanlarını illüstrasiya formasında ərsəyə gətirən A.Hüseynov bununla bir ilkə imza atıb. Rəssamın “Azərbaycan nağılı” silsiləsinə daxil olan əsərləri göstərir ki, Arif Hüseynov özündə ənənə ilə müasirliyin bədii vəhdətini yaşadan fərdi ifadə üslubunu yaratdığını sərgiləyə bilib.