İDMAN
Bakıda alpaqut üzrə ikinci dünya çempionatının açılış mərasimi keçirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim komandaların paradı ilə başlayıb.
Dünya Alpaqut Federasiyasının prezidenti Nizami Cəfərov açılış mərasimində çıxış edərək Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini bildirib. O, türkdilli xalqların qədim döyüş sənəti olan alpaqutun əhatə dairəsinin ildən-ilə genişlənəcəyinə əminliyini ifadə edərək deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə idman yüksək sürətlə inkişaf edir. Bu diqqət və qayğı nəticəsində təmsilçilərimiz beynəlxalq arenalarda çox böyük uğurlara imza atırlar. Türkdilli xalqların qədim döyüş sənəti olan alpaquta maraq getdikcə artır və inanırıq ki, idmanın bu növü dünyada daha geniş yayılacaq”.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti Qənirə Paşayevaya, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının sədri Azər Həsənsoy, Olimpiya çempionu Elnur Məmmədli, Dünya Alpaqut Federasiyasının idarə heyətinin sədri, kutsan Vasif Namazov və digərləri çıxışlarında dünya çempionatının iştirakçılarına uğurlar arzulayıblar.
Qeyd edək ki, dünya çempionatında 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə yarışlarda mübarizə aparırlar. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunur.
Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında qalib olublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yerə layiq görülüblər.
"Alpaqut" sözünün mənası "müqəddəs döyüşçü" deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.
Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan, Rusiya və digər ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.