CƏMİYYƏT
Bakıda aptekdə əczaçını bıçaqla hədələyərək kassadan pul götürən şəxs saxlanılıb VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayonun M.Həsənov küçəsində apteklərdən birində əczaçı işləyən Hilal Həsənov Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edərək tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək obyektin kassasından iki min manat pulu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Emin Adilov saxlanılıb. O, ifadəsində həmin hadisəni törətdiyini etiraf edib. E.Adilovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyi məlum olub. Saxlanılan şəxs barəsində 29-cu polis şöbəsində toplanan material araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib.
Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi” xidmətinə, Yasamal Rayon Polis İdarəsinə və ya 29-cu polis şöbəsinə müraciət edə bilərlər.