CƏMİYYƏT


Bakıda avtomobil yollarında tıxacların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Bakı, 4 oktyabr, AZƏRTAC 

Bakıda hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini, avtomobil yollarında süni sıxlığın, ləngimələrin, tıxacların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, yeni tədris ilinin başlanması, orta və ali təhsil ocaqlarına bitişik küçə və prospektlərdə hərəkətin intensivliyini nəzərə alaraq, hərəkət iştirakçılarının təhlükəsizliyi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə sıxlığın müşahidə olunduğu ərazilərdə - yol ayrıclarında, piyada keçidlərində tərəfimizdən hərəkətin tənzimlənməsi üçün günün pik saatlarında əlavə naryadlar cəlb olunur.

Bildirilib ki, orta məktəblərin yerləşdiyi ərazilərdə, yaxud onlara yaxın yollarda yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında, piyadalar üçün keçid zolaqlarında mütəmadi olaraq reydlər keçirilir, qadağan olunan yerlərdən piyada hərəkətinin qarşısını almaq üçün profilaktiki iş aparılır. Eyni zamanda, sürət həddinin aşılması, yolayrıcılarının keçilməsi və ötmə qaydalarının pozulması hallarına yol verən, avtomobilləri sərxoş halda idarə edən sürücülərə qarşı mübarizə tədbirləri diqqətdə saxlanılır.

“Tərəfimizdən aparılan araşdırma və təhlillər göstərir ki, süni sıxlıq, ləngimələr, tıxac yaradan hallara səbəb olan əsas inzibati xətalar sırasında “dayanma-durma”, “parklanma” qaydalarının tələblərinə etinasız yanaşmadır. Hər bir hərəkət iştirakçısı, xüsusilə sürücülər nəzərə almalıdır ki, bu etinasızlıq, biganəlik yollarında süni sıxlıq, ləngimə və tıxac yaradır. Bu halları aradan qaldırmaq, hər birimizin hüquq və vəzifəsi olmaqla qalmır, ictimai, həm də sosial məsuliyyətidir. Hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşmalıdırlar”, - deyə V.Əsədov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.