İDMAN
Bakıda buz meydançası istifadəyə verilib VİDEO








Bakı 2 iyun, AZƏRTAC
İyunun 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının açılışı olub. Tədbirin əvvəlində qonaqlar və məktəblilər Azərbaycan Respublikasının Dövlət Himnini birlikdə ifa ediblər.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək buz meydançasının məhz “Heydər Əliyev İli”ndə istifadəyə verilməsinin təsadüfi olmadığını deyib. Bildirib ki, kompleksin əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə qoyulub. Müxtəlif illərdə köməkçi zallarda buz meydançası fəaliyyət göstərib. Bu yaxınlarda isə Gənclər və İdman Nazirliyi tərəfindən kompleksin əsas zalında buz meydançası qurulub.
Meydançanın açılışında 2023-cü il Qran-Pri və Qış Olimpiya Festivalının iştirakçısı Səbinə Əliyeva nümunəvi çıxış göstərib.
Tədbirdə federasiya rəhbərləri, Olimpiya və dünya çempionları, idman səfirləri və idman ictimaiyyətinin nümayəndələri, məktəblilər, eləcə də ahıllar evlərinin sakinləri iştirak ediblər.
Qeyd edək ki, burada idmanın fiqurlu konkisürmə və hokkey idman növlərinin inkişaf etdirilməsi üçün tələb olan hər bir imkan var. Müxtəlif yaş qrupları üzrə bölmələr fəaliyyətə başlayacaq.