ELM VƏ TƏHSİL
Bakıda dövlət qulluqçularının sertifikasiyası məsələsinə dair müzakirələr aparılıb
Bakı, 20 oktyabr, M.Dadaşov, P.İmanova, AZƏRTAC
Oktyabrın 20-də Bakıda Avropa Xarici Fəaliyyət Xidmətinin və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə “Dövlət qulluqçularının sertifikasiyası: problemlər və perspektivlər” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” birinci çoxtərəfli platforması nəzdində yaradılmış dövlət idarəçiliyi islahatları paneli çərçivəsində təşkil olunub.
Tədbirdə DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov bildirib ki, seminarın keçirilməsinin əsas məqsədi dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində müşahidə olunan son yeniliklər, islahatlar barədə Azərbaycan təcrübəsinin Şərq Tərəfdaşlığı ölkələri ilə bölüşdürülməsi, dövlət qulluğuna qəbulun yeni qaydaları, dövlət qulluqçularının sertifikasiyası kimi məsələlərlə bağlı uğurlar və problemlər haqqında fikir mübadiləsinin aparılmasıdır. Beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini deyən B.Xəlilov Şərq mübadiləsinin qarşılıqlı olaraq faydasını qeyd edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Aİ ilə ölkəmiz arasında genişlənən tərəfdaşlıq münasibətlərinin, həmçinin təmsil etdiyi təşkilat tərəfindən dəstəklənən institusional quruculuq alətlərinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan-Aİ əlaqələrinə toxunan Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin rəisi Fəxrəddin İsmayılov bildirib ki, ölkəmiz ilə bu qurum arasında münasibətlər gündən-günə inkişaf etməkdədir. Azərbaycan Aİ tərəfindən həyata keçirilən regional layihələrdə fəal iştirak edir.
DİM-in strateji inkişaf şöbəsində beynəlxalq əməkdaşlıq sektorunun aparıcı məsləhətçisi Tural Əlizadə “Azərbaycan dövlət idarəçiliyi sahəsində islahatlar. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi: fəaliyyəti və funksiyaları”, Belarus Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Ehtiyat” Avtomatlaşdırılmış İnformasiya Sistemlərinə elmi və metodiki dəstək Mərkəzi direktorunun müavini Dmitri Dakuçits “Belarus Respublikasında dövlət qulluqçularının sertifikasiyasının perspektivləri” mövzularında təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda DİM-in fəaliyyəti, dövlət qulluğuna yeni qəbul qaydaları, dövlət qulluqçularının sertifikasiyası sahəsində tətbiq edilən yeniliklər, dövlət qulluğuna qəbul sahəsində proqram təminatı barədə məlumat verilib. Aİ-nin Şərq tərəfdaşlığına daxil olan ölkələrin nümayəndələri isə dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatlar, eləcə də dövlət qulluğuna qəbul və sertifikasiya sahəsində ölkələrinin təcrübələrini bölüşüblər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, DİM-in fəaliyyəti və dövlət qulluğu sahəsində həyata keçirilən islahatlarla bağlı suallar cavablandırılıb.
Tədbirdə DİM-in, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təmsilçiləri və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin əməkdaşları iştirak ediblər.